ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı günlərində - mart ayının 17-dən 28-dək günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçib.
ARDNŞ-nin rəsmi saytının verdiyi məlumata görə, istehlakçıların bu günlərdə təbii qazla fasiləsiz və davamlı təmin olunması üçün İstehsalat Birliyində bütün texniki və texnoloji tədbirlər həyata keçirilib.
185 nömrəli qaynar xəttin iş saatı artırılıb, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndirilib. Qeyd edək ki, hazırda respublika üzrə əhali kateqoriyasına aid olan abonentlərə verilən sutkalıq təbii qazın həcmi 20 milyon kubmetrə çatdırılıb. Həmin həcmin 11 milyon kubmetri Bakı şəhərinin, qalan hissəsi isə regionların qaz təchizatına sərf olunur.
Xatırladaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici təxminən 1 milyon kubmetr çoxdur. Hazırda mövcud infrastruktur təbii qazın təminatında heç bir problem yaratmır və tələbat olduğu halda istənilən bölgəyə qazın nəqlini artırmaq mümkündür. Bununla belə, “Azəriqaz” istehlakçıların nəzərinə çatdırır ki, təzyiqlərin artırılması təbii qazdan düzgün istifadə edilmədikdə bəzi hallarda arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə bayram günlərində hər bir abonent son dərəcə diqqətli olmalı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. |